PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe Yelisey Sarayında təşkil edilmiş şam yeməyinə qatılıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Şam yeməyi Qətər əmiri Təmim bin Həməd Əl-Taninin Fransaya rəsmi səfəri münasibətilə təşkil edilib. Ulduz futbolçu Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Vurğulayaq ki, Mbappe bu tədbirə dəvət almış yeganə fəaliyyətdə olan idmançı olub.
Bu ziyafətdə nə Fransa prezidentinin, nə Qətər əmirinin, nə də bu tədbirdə iştirak edən PSJ prezidenti Nasser Əl-Xelaifinin Mbappenin PSJ-dəki gələcəyi ilə bağlı danışmadığı barədə məlumatlar yayılıb. Mərasim sırf işgüzar xüsusiyyət daşıyıb.
COPE dərgisi məlumat verir ki, Mbappenin Fransa prezidenti Emmanuel Makronla qısa ünsiyyət zamanı fransız lider gülümsəyərək futbolçuya tərəf çevrilib və “Sən bizə hələ daha çox fəsadlar yaradacaqsan” ifadəsini işlədib.
Xatırladaq ki, mövcud məlumatlara görə, Mbappe artıq Əl-Xelaifiyə cari mövsümün sonunda PSJ-dən ayrılacağını bildirib.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.