Fransa yığmasının və “Real”ın ulduz hücumçusu Kilian Mbappe başqalarının onun haqqında söylədiyi fikirlərə münasibətini açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən, fransalı ulduz hücumçunun bu barədə fikrini təqdim edir:
“Həyatımın və karyeramın elə bir mərhələsindəyəm ki, daha buna əhəmiyyət vermirəm. Mən gəlirəm, oynayıram və komandaya kömək etmək üçün əlimdən gələni edirəm. İnsanların düşündükləri məni ən az narahat edən məqamdır”, deyə Mbappe vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Fransa mətbuatında Mbappeni müvafiq fikirlərinə görə tənqid edən fikirlər səslənmişdi. Fransalı ulduzun ondan bir futbolçu kimi gözləntiləri olan azarkeş kütləsinə qarşı müvafiq sayğısız münasibəti fransız mətbuatında birmənalı qarşılanmamışdı. Göründüyü kimi, Mbappe köhnə dəyirman kimi öz “çax-çux”unda davam edir.
Məşhur jurnalist Daniel Riolo isə Mbappeni digər insanlara iyrənc münasibətdə ittiham etmişdi.
Vurğulayaq ki, bütün bu hadisələr Mbappenin “dişsiz oyun”u mənzərəsində cərəyan edir.
Xatırladaq ki, “Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.


