Kilian Mbappe zədəsi ilə bağlı sualı bir cümlə ilə cavablandırdı

“Real”ın və Fransa yığmasının hücumçusu Kilian Mbappe “xoruzlar”ın bir neçə məşqini buraxmağa səbəb olmuş zədəsindən danışıb.

Arena.az məlumat verir ki, bu kiçik zədəsi səbəbindən Mbappe yalnız Kanada yığması ilə yoldaşlıq oyununda (0:0) 16 dəqiqə oynaya bilib.

“Mənim zədəm? Məndə hər şey qaydasındadır”, – “Madrid Zone” dərgisi Mbappedən sitat gətirir.

Xatırladaq ki, ulduz futbolçu təlim-məşq toplanışın demək olar ki əvvəlindən Fransa yığmasının həkim heyətinə müraciət etmiş və yaşadığı fəsadın ciddi olmadığı məlum olmuşdu.

Kilian Mbappe Fransa yığmasının heyətində AÇ-2024-də çıxış edəcək.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində baş tutacaq.

Fransa yığması mötəbər yarışda “D” qrupunda Polşa, Niderland və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 79 oyun keçirib, 47 qol vurub və 33 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.