Kilian Mbappenin zorlama işi ilə bağlı istintaq davam edir

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin adı hələ də Stokholmdakı “Bank Hotel”də mümkün zorlama işində iştirakçı olaraq keçir.

Arena.az bu barədə “Aftonbladet” dərgisinə istinadən məlumat verir.

Dərginin son məlumatına görə, istintaq hələ də bağlanmayıb. Bu barədə prokuror Marina Çarikova məlumat verib. Mənbə bildirir ki, zərərçəkmiş qadın polisə ifadə verməzdən əvvəl kömək üçün əvvəlcə xəstəxanaya yollanıb.

İstintaqın davam etdiyini bildirməsindən başqa, prokuror Çarikova digər şərh verməkdən imtina edib. Mənbə vurğulayır ki, araşdırma başlayandan bəri, baş vermiş hadisə ilə bağlı məlumatı olan, adı açıqlanmayan bir neçə qadından da müvafiq ifadələr alınıb.

O da bildirilir ki, istintaqa Məhkəmə tibb ekspertizası milli mərkəzi cəlb edilib. Mərkəzin gəldiyi nəticə artıq bu hadisəni araşdıran rəsmi şəxslər tərəfindən təhlil edilib. Nəticəyə dair qənaət barədə hazırda məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl İsveç mətbuatı Mbappenin zorlamada əli ola biləcəyi barədə məlumat vermişdi. Amma futbolçunun ətrafı bunu böhtan adlandırmışdı.

Bu mənzərədə Mbappenin meydanda oyun keyfiyyəti, səmərəsi və məhsuldarlığı futbolçunun gerçək bacarıqlarından çox uzaqdır. Müvafiq idman formasında olmayan Mbappe “Real”da qarşılaşdığı çətinliklərlə yanaşı, Fransa yığmasının iki payız toplanışına da cəlb edilməyib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 19 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: