Kilian Mbappenin zorlamada ittihamı ilə bağlı məsələ böyüyür

İsveç polisinin “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin təqsirləndirildiyi zorlama işi ilə bağlı təhqiqatı davam edir.

Arena.az məlumat verir ki, məsələ böyüməkdədir.

Jurnalist Romen Molina məlumat verir ki, bu mövzuda “Real” təcili iclas keçirib. Madrid klubu fransalı ulduz futbolçusunun ətrafında yaranmış vəziyyəti müzakirə edib. Amma iclasın təfərrüatı açıqlanmır.

Fransa Futbol Federasiyası (FFF) isə “xoruzlar”ın kapitanının adı ətrafında cərəyan edən qalmaqalı görməzdən gəlməyə üstünlük verir.

Fransanın nüfuzlu “Ekip” nəşri məluat verir ki, Fransa Futbol Federasiyası Kilian Mbappenin zorlamada əli olması ehtimalı ilə bağlı qalmaqallı şayiələri şərh etmək istəmir. Qurumun rəhbəri Filipp Diallo hər hansı şərh verməkdən çəkinir. Belə ki, bu hadisə ilə bağlı onun öz məlumat mənbələri yoxdur və Diallo vəziyyətin inkişafını yalnız mətbuat vasitəsilə izləyir. Diallo yaxın günlərdə Mbappenin vəziyyəti ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək.

“RMC Sport” dərgisi isə Kilian Mbappenin ətrafının qənaəti ilə bağlı məlumat dərc edib. Mbappenin ətrafı əmindir ki, futbolçuya qarşı zorlama faktı ilə bağlı rəsmi şikayət edilib.

Mənbənin məlumatına görə, Kilian Mbappenin ətrafı əmindir ki, fransalı futbolçu indi Stokholmda edilmiş zorlama şikayətinin əsas hədəfidir. Eyni zamanda, ulduz futbolçunun ətrafı uzun müddət çəkəcəyi ehtimal edilən məhkəmə prosesinin intizarında olmasına rəğmən, sakitliyini qoruyub-saxlayır.

“Şikayət həqiqəti ortaya qoymur”

Bu mənzərədə Kilian Mbappenin vəkili xanım Mari-Aliks Kanu-Bernar ulduz futbolçunun zorlamada ittihamı ilə bağlı iddiaları əsassız sayır:

“Biz şikayətin verilməsindən danışırıq, amma hazırda kimə qarşı şikayət verildiyini bilmirik. Şikayət həqiqəti ortaya qoymur, heç nəyi sübut etmir. Şikayətin Kiliana qarşı olub-olmadığını da bilmirəm.
Mbappe mətbautdakı bu mərəkədən heyrətə gəlib. O, nədə ittiham edilə biləcəyini heç anlamır. Kilian tərəfindən hər hansı təqsirli hərəkətlərin edilə biləcəyi amili tamamilə istisna edilir. Bu, tamamilə dəqiqdir. Bu gün isə Kilian tamamilə sakit idi. Özünü qınamağa heç bir əsası olmadığını bildiyi üçün məşqə yollandı.

O, sakitdir. Kilian nə etdiyini və etmədiyini dəqiq bilir. O, bunu dəqiq bilir. Bütün bu məsələni isə uzaqdan-uzağa izləyir. Yenə deyirəm, Mbappeyə qarşı şikayət olub-olmadığını belə, bilmirik. Əgər sizdə varsa, faş etməkdən çəkinməyin”, – “RMC Sport” dərgisi Kilian Mbappenin vəkilindən sitat gətirir.

Vəkil xanım Mari-Aliks Kanu-Bernar həmçinin futbolçunun tərəfinin Kilian Mbappe haqqında böhtan şikayəti verəcəyini də bildirib. Vəkilin sözlərinə görə, istintaqla bağlı əlavə məlumat alacağını gözlədiyi üçün indiyədək bu şikayət edilməyib:

“Hələ ki, şikayətin verilməməsinin yeganə səbəbi budur, çünki hələ də Kilianın özünə qarşı şikayətin olub-olmayacağını bilmirik”, deyə vəkil vurğulayıb.

Hadisələrin inkişafı gözlənilir.