Kinqsli Koman fövqəladə rekordunu yenilədi

Bayern”in yarımmüdafiəçisi Kinqsli Koman növbəti dəfə Almaniya çempionu olmaqla özünə məxsus qeyri-adi rekordu yeniləyib.

Arena.az xəbər verir ki, Bundesliqanın 2022/2023 mövsümünün sonuncu – 34-cü turu çərçivəsində keçirilmiş oyunda “Bayern” səfərdə “Köln”ü 2:1 hesabı ilə məğlub edərək çempionluğu bayram edib.

Bu, Münhen nəhənginin ardıcıl 11-ci Almaniya çempionluğudur. Komandanın yarımmüdafiəçisi Koman da bu çempionluğu qazanmaqla qeyri-adi rekordunu yeniləyib. Futbolçu böyüklər səviyyəsində keçirdiyi hər mövsümdə komandası ilə çempionluğu bayram etməyi bacarıb. Fransız vinger daha öncə PSJ ilə 2, “Yuventus”la da 1 dəfə çempion olub. O, indiki komandası “Bayern”lə isə 8 dəfə çempionluq yaşayıb.

Cari mövsümdə Koman Bundesliqada 24 dəfə meydana çıxıb. O, bu oyunlarda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, PSJ-nin yetirməsi olan Kinqsli Koman “Bayern”ə 2017-ci ilin yayında “Yuventus”dan 21 milyon avroya transfer olunub. O, Almaniya nəhənginin heyətində bütövlükdə 267 oyuna çıxıb, 58 qol və 63 asistlə yadda qalıb. PSJ-də cəmi 4 oyun keçirmiş vinger, “Yuventus”da da 22 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Komanın indiki klubu ilə 2027-ci ilin 30 iyununa qədər olan müqaviləsi var. “Transfermarkt” internet-portalının təxmini dəyərləndirməsinə görə futbolçunun qiyməti 65 milyon avro təşkil edir.

Fransalı yarımmüdafiəçi ölkəsinin əsas millisində 47 oyun keçirib. O, bu matçlarda cəmi 5 qol vura bilib.

Karyerasının hər ilində Liqa çempionluğu yaşayan Komanın fövqəladə statistikasına bir daha nəzər salaq:

2012/2013. PSJ
2013/2014. PSJ
2014/2015. Yuventus
2015/2016. Bayern
2016/2017. Bayern
2017/2018. Bayern
2018/2019. Bayern
2019/2020. Bayern
2020/2021. Bayern
2021/2022. Bayern
2022/2023. Bayern