Bundesliqanın 29-cu turunda “Köln”lə ev oyunu (2:0) “Bayern”in fransalı sol vingeri Kinqsli Koman üçün xoşagəlməz başa çatıb.
Arena.az məlumat verir ki, zədəli Koman oyunun 50-ci dəqiqəsində əvəzlənib.
“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel bu barədə məlumat verib:
“Kinqslinin zədəsi son dərəcə ciddidir, o, əvvəlki zədəsini təzəcə sağaltmışdı və çox uzun fasilədən sonra bu gün əsas heyətdə meydana çıxımışdı”, – “Metro” dərgisi Tomas Tuxeldən sitat gətirir.
Komanın zədəsinin təfərrüatı və təxmin edilən bərpa müddəti haqda məlumat açıqlanmayıb. Güman ki, bu xüsuslar futbolçunun zədəsinin əsaslı tibbi müayinəsindən sonra müəyyənləşəcək.
Kinqsli Koman PSJ-nin yetirməsidir. Koman 2014-cü ilin iyulunda azad agent qismində PSJ-dən “Yuventus”a keçib. 2015-ci ilin avqustunda “Bayern” Komanı “Yuventus”dan icarəyə götürüb. 2017-ci ilin iyulunda isə “Bayern” 21 milyon avro müqabilində Komanı “qoca sinyora”dan tamhüquqlu əsasda alaraq öz heyətinə qatıb. Fransalı vingerin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Koman “Bayern”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
Komanın qənimətlər muzeyində PSJ ilə Fransa çempionluğu (2 dəfə), Fransa Liqa Kuboku və Fransa Super Kuboku, “Yuventus”la İtaliya çempionlıuğu (2 dəfə), İtaliya Kuboku və İtaliya Super Kuboku var. “Bayern”lə isə Koman 8 dəfə Almaniya Bundesliqasını, 3 dəfə Almaniya Kubokunu, 6 dəfə Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Club Dünya Kubokunu qazanıb.
Kinqsli Koman 2015-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 55 oyun keçirib, 8 qol vurub, 5 məhduldar ötürmə verib. Koman “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub. Həmçinin Koman 2016-cı il Avropa çempionatının və 2022-ci il günya çempionatının gümüş mükafatçısıdır.
“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sol vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


