Klaudinyo və Malkom Rusiya pasportu aldı – Putindən fərman

Braziliyanın gənclərdən ibarət yığmasının sabiq üzvləri, hazırda “Zenit”də oynayan Klaudinyo ilə Malkom Rusiya vətəndaşlığını qəbul ediblər. Arena.az xəbər verir ki, bu barədə Sankt-Peterburqu təmsil edən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Malkomla Klaudinyo Rusiya pasportu alıblar. Bu barədə ölkə prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. “Zenit” hər iki futbolçunu Rusiya vətəndaşlığı alması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Rusiya vətəndaşlığı almaları Klaudinyo ilə Malkomun qonşu ölkədə yerli futbolçu kimi çıxış etməsinə şərait yaradacaq. Bundan əlavə onlar Rusiya milli komandasına da dəvət alacaqlar.

Mərkəz yarımmüdafiəçisi olan Klaudinyo 2021-ci ilin avqust ayından “Zenit”də forma geyinir. O, Rusiya təmsilçisinə həmin vaxt “Braqantino”dan 12 milyon avro qarşılığında keçmişdi. 26 yaşlı futbolçu Sankt-Peterburq klubunun heyətində 50 oyuna çıxıb. O, bu matçlarda 13 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub. Klaudinyo daha öncə “Korintians”, “Santo Andre”, “Ponte Preta”, “Red Bull Brazil”, “Oeste” kimi klublarda da forma geyinib. O, vaxtilə Braziliyanın U-23 yığmasında oynasa da, əsas milliyə heç vaxt dəvət almayıb.

Malkom isə 2019-cu ildə İspaniyanın “Barselona” klubundan 40 milyon avro qarşılığında “Zenit”ə keçmişdi. Yarımmüdafiəçi bu komandada 98 oyuna çıxıb. 25 yaşlı sağ cinah vingeri Sankt-Peterburq klubunda 31 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı oyunçu daha öncə “Barselona”, “Bordo” və “Korintians”ın da formasını geyinib. O da Braziliyanın U-20 və U-23 yığmasında xeyli oyun keçirməsinə baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.