“Klermon”un qapıçısına fişəng dəydi, oyun dayandırıldı

Fransa Liqa 1-nin 8-ci turunun “Monpelye” – “Klermon” oyunu qonaqların qapıçısı Mori Dioya fişəngin dəyməsi səbəbindən dayandırılıb.

Arena.az məlumat verir ki, Monpelyedəki “Stad de la Mosson” stadionunda keçirilən oyunun təzminat dəqiqələrində “Monpelye” azarkeşi “Klermon”un qapıçısı istiqamətinə pirotexniki əşya atıb.

Fişəng futbolçunun yaxınlığında partlayaraq, onu yerə sərib. Dio oyunu davam etdirə bilməyib. Tibbi heyət təcili surətdə zərərçəkmişi meydandan xərəkdə təxliyə edib. Hakim oyunu dayandırıb və komandaları paltardəyişmə otağına göndərib.

Bu hadisə oyunun komissarı tərəfindən oyun protokoluna daxil edilib. Fransa futbolunun nizam-intizam komitəsinin baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayacağı, müvafiq qərarlar verəcəyi təxmin edilir və bunun heç də “Monpelye”nin xeyrinə olmayacağı vurğulanır.

Oyun dayandırılanda hesab 4:2 “Monpelye”nin xeyrinə olub. Oyunun nəticəsi Liqa 1-in turnir cədvəlində əksini tapmayıb.

“Monpelye” 7 turdan sonra 9 xalla 12-ci, “Klermon” isə 2 xalla ən axırıncı – 18-ci pillədə qərarlaşıb.