Klesio Bauk və Ahmed Ayzaya Tovuzda oynamayacaqlar

“Qəbələ”nin legionerləri – Klesio Bauk və Ahmed Ayzaya Azərbaycan Premyer Liqasının 22-ci turunun “Turan Tovuz”la səfər oyununu buraxacaqlar.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Qəbələ” sabah qarşılaşacağı Tovuz təmsilçisi ilə görüşün hazırlığını bu gün başa vurub. Klesio Bauk və Ahmed Ayzaya fərdi məşq ediblər. Onların səfər matçında iştirakı gözlənilmir. Digər futbolçular isə baş məşqçi Elmar Baxşıyevin sərəncamında olacaqlar.

Xatırladaq ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununa saat 15:00-da start veriləcək.

Bu, iki komanda arasında 8-ci duel olacaq. Rəqiblər bunadək 6 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər.

Əvvəlki qarşılaşmalarda “Qəbələ” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “qırmızı-qaralar” 3 heç-heçə ediblər və yalnız bir dəfə uduzublar. 12 qol vuran “Qəbələ” 5 top buraxıb. Bilel Auaşeriya 3, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurublar.

Çempionatdakı 6 qarşılaşmada “Qəbələ” iki, “Turan Tovuz” isə bir dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 10 qol vuran “Qəbələ” 5 top buraxıb.

Dördüncü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qəbələ” səfərdə uduzmayıb. İki dəfə qalib gələn “qırmızı-qaralar” iki dueldən sülhlə ayrılıblar. Sözügedən komanda səfərdə 7 qol vurub və 3-nü buraxıb.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqanın cari mövsümündə 21 oyuna topladığı 15 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. “Turan Tovuz” isə 26 xalla 8-cidir.