Klod Pyuel “Sent Etyen”dən qovuldu

Fransanın “Sent Etyen” komandasının baş məşqçisi Klod Pyuel istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Ötən gecə Liqa 1-in 17-ci turu çərçivəsində doğma meydanda “Renn”ə 0:5 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb. Nəticədə 60 yaşlı fransız mütəxəssisin qovulmasına qərar verilib.

Klod Pyuel 2019-cu ilin oktyabrından “Sent Etyen”i çalışdırırdı. O, bu komandanı bütövlükdə 88 matça çıxıb. 26 qələbə qazanan Liqa 1 təmsilçisi, 23 heç-heçə edib, 39 görüşdə məğlubiyyətə üzülüb.

“Sent Etyen” bu mövsüm Liqa 1-də 17 oyun keçirib, cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib. 9 məğlubiyyəti olan komanda 12 xalla 20 iştirakçı arasında sonuncudur.