“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 33-cü turunda “Kristal Pelas”a ev məğlubiyyətini (0:1) şərh edib.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Rəqibin qapısında çoxlu təhlükəli vəziyyətlər yaratdıq: Consun zərbələri, Nunyes, Salahın imkanları. Qol vurmamağımız sadəcə dəhşətdir.
Bizim başqa məqamlarımız da olub və biz əslində yalnız çox təhlükəli məqamlardan danışırıq. Özümüzü həqiqətən dəhşətli hiss edirik və indi bunun öhdəsindən gəlmək üçün azacıq vaxt gərəkdir. Bu, həqiqətən pis oyundur. Bu, ardıcıl ikinci ev oyunudur ki, uduzduq”, deyə Klopp məyusluqla bildirib.
Məğlubiyyət “Liverpul”a baha başa gəlib. 32 oyundan sonra “qırmızılar” 71 xalla Premyer Liqanın yarış cədvəlində 3-cü pillədədirlər. “Kristal Pelas” isə 33 xalla 14-cü pillədədir.
Premyer Liqaya 73 xalla “Mançester Siti” başçılıq edir.