Klopp Premyer Liqada çempionluq mübarizəndən danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Börnli” ilə Premyer Liqanın 24-cü tur oyunundan (3:1) sonra çempionluq mübarizəsindən danışıb.

Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çempionluq uğrunda mübarizə? Hər həftə bu barədə düşünürəm. Bu gün vacib qələbə qazanmış “Tottenhem”i də əlavə edin. “Aston Villa” sabah oynayacaq. Onların hamısı yarışdadırlar – və əlbəttə ki, “Arsenal”. İki həftə əvvəl heyətlə bağlı mükəmməl vəziyyətimiz vardı. İki həftə sonra hər mövqedə oyunçularımız çatışmır. Hər şey ola bilər. Hamımızın imkana ehtiyacı var və imkanınız olmayanda bunun öhdəsindən gəlmək üçün mübarizə aparmalısınız”, deyə Klopp bildirib.

Hazırda Premyer Liqada keçirdiyi 24 oyundan sonra “Liverpul” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Börnli” isə 13 xalla 19-cu pillədə yer alıb.

Vurğulayaq ki, 23 oyundan 52 xal toplamış “Mançester Siti” potensial lider qismində 2-ci pillədə qərarlaşıb.