“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Tuluza” üzərində inamlı qələbəsini (5:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Klopun bu barədə fikirlərini təqdim edir:
“Biz səbrli olduq və çox yaxşı işlər gördük. Ən uyğun anlarda gözəl qollar vurduq. Heç kim zədə almayıb, bu da yaxşıdır. Bizə qarşı oynamaq asan deyil. Onlar gərgin mübarizə apardılar. Bilirik ki, Tuluzadakı səfər oyununa da hazır olmalıyıq. Bu oyunu səbrsizliklə gözləyirəm, amma bu gün bizim üçün yaxşı axşam oldu”.
Eyni zamanda, Klopp Fransa yığmasının baş məşqçisi Didye Deşamı da tənqidə tutub. Alman mütəxəssis Deşamın mərkəz müdafiəçi İbraim Konateni yığmaya çağırıb yormasından narazılığını ifadə edib:
“O, bu gün heyətdə deyildi, amma mənim Konatedə hər şeyi xoşuma gəlir. Fəsad ondadır ki, onun bir neçə zədəsi vardı, Deşam isə son iki oyunda onu 90 və 87 dəqiqə oynamağa məcbur etdi, ona görə də ona istirahət verdik. O, bu axşam meydanda ola bilərdi, amma hələ, Bazar günü də oynamalıdır… Deməli, cənab Deşam, biz oyunçulara üç dəqiqə yox, belə istirahət veririk. Amma qalan halda biz Konatedən çox razıyıq”, – “Footmercato” alman mütəxəssisdən sitat gətirir.
3 turdan sonra 9 xal toplamış “Liverpul” “E” qrupuna başçılıq edir. “Yunion Sent-Jilluaz” və “Tuluza” 4 xalla müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar. Xalsız LASK isə qrupun autsayderidir.



