“Liverpul”un baş məşqçisi Yurgen Klopp mersisaydlıların holland mərkəz müdafiəçisi Vircil van Deyklə bağlı məqama aydınlıq gətirib.
Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, alman mütəxəssis Van Deykin İngiltərə Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Arsenal”a qarşı səfər oyununda iştirak etməməsinin səbəbini açıqlayıb:
“Nəcis kimi görünmək – Vircil üçün çətin bir işdir. Ancaq “Arsenal”la oyundan əvvəl o, məhz belə görünürdü, ona görə də onu evə göndərmək qərarına gəldik. Ümidvaram ki, “topçular”a qarşı komandasının çıxışı ona kömək etdi”, deyə Klopp şən bir tərzdə bildirib.
Səfərdə 2:0 hesabı ilə qələbə qazanmış “Liverpul” növbəti mərhələyə adlayıb.
Vircil van Deykə gəlincə, holland mərkəz müdafiəçisi 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki 84,65 milyon avro müqabilində “Sauthempton”dan transfer edilblər. Van Deykin “qırmızılar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Hollandiyalı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 242 oyun, 20 qol, 14 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 7 qol vurub.
“Transfermarkt” internet-portalı 32 yaşlı hollandiyalı mərkəz müdafiəçisinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.