“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçu Mahir Emreli barədə yayılmış son xəbərlərə münasibətini paylaşıb.
Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalının olduğunu gizlətməyib:
“Mahirin başqa klubların maraq dairəsində olduğunu bilirik. Bu məsələni necə həll edəcəyimizi düşünürük. Onunla uzun-uzadı danışıqlar aparmışıq. Özüm futbol oynamışam, “transfer pəncərəsi” açıq olduqca, hər oyunçuya təklif gələ bilər. Mahir özü də bizə təklifinin olduğunu söyləyib. Lakin rəsmi bir şey yoxdur”.
46 yaşlı mütəxəssis Emrelinin “Dinamo”dan (Zaqreb, Xorvatiya) “Nürnberq”ə transferindən sonra onunla xüsusu proqramlar çərçivəsində çalışdığını bildirib:
“O, komandaya yeni gələndə çox yaxşı ünsiyyətimiz oldu və xüsusi məşqlər etdik. Bir müddət sonra yaxşı formaya düşdü və qarşılaşmalar zaman üstün performans sərgilədiyini söyləyə bilərəm”.
Kloze Mahirin məşqdə komanda yoldaşına kobudluq etməsi ilə bağlı iddalara da münasibət bildirib. Bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis yazılanları təkzib edib. Kloze yaşananlar haqqında bunları söyləyib:
“Mən məşq meydanında idim. Belə hadisə olmayıb. O, ikili mübarizələrdə aqressiv idi. Lakin bunu ondan biz istəmişik. Mahir idman zalında fərdi çalışmalı olduğu üçün məşqi erkən tərk etmişdi”.
Xatırladaq ki, mövsümün əvvəlində “Nürnberq”ə transfer olunan Mahir Emreli Cənubi Koreyanın “Seul” klubunun diqqət mərkəzindədir.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 15 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
