Klublar Komitəsinin növbəti iclası keçirildi

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və AFFA-nın texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Tədbirə AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev də qatılıb. Həmçinin iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Elxan Məmmədov çıxış edərək iclas iştirakçılarını salamlayıb. O, Avropa Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə “Qarabağ” klubunu bir daha təbrik edib. Məmmədov 1/16 final mərhələsi oyunlarında təmsilçimizə uğurlar arzulayb. İcraçı vitse-prezident klub nümayəndələrinin diqqətinə çatdırıb ki, qarşıdakı mövsümdən etibarən qadın futboluna diqqəti daha da artırmaq vacibdir. Belə ki, UEFA bu sahəyə lisenziyalaşdırma prosesində mütləq meyarlardan biri kimi yanaşmağa başlayacaq. O, bildirib ki, uşaq futbolu, klubların nəzdindəki akademiyaların fəaliyyəti klublarımız üçün prioritet istiqamətlərdən biri olmalıdır.

AFFA rəsmisi klubları sosial layihələrdə daha fəal olmağa, ildə bir neçə dəfə müxtəlif bölgələrdə futbolun təbliği və kütləviləşməsi məqsədi daşıyan layihə təkliflərini AFFA-ya təqdim etməyə səsləyib. O qeyd edib ki, bu səpkili layihə təklifləri arasında ən maraqlıları seçiləcək və icrası AFFA tərəfindən maliyyələşdiriləcək.

Elxan Məmmədov 2022-ci ildə AFFA ilə Türkiyənin “Misli” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını bəyan edib. O, bu müqavilənin ümumilikdə Azərbaycan futbolu və təbii ki, klublarımız üçün maliyyə məsələləri baxımından faydalı olacağı barədə məlumat verib.

Klublar Komitəsinin iclası gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.