İspaniyanın “Atletiko” (Madrid) klubu təcrübəli yarımmüdafiəçisi və kapitanı Koke ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
32 yaşlı futbolçunun yeni sözləşməsi 2025-ci ilin yayına – iyun ayının 30-na qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, Koke “Atletiko”nun öz yetirməsidir. O, 2008/2009 mövsümündə bu klubun gənclər komandasında debüt edib, 2010/2011 mövsümündə isə əsas komandaya cəlb edilib. Futbolçu bütün karyerasını yalnız Madrid “Atletiko”suna həsr edib.
Ümumilikdə o, “döşəkçilər”in heyətində 625 oyun keçirib ki, bu da klub tarixində rekord göstəricidir. Yarımmüdafiəçi bu oyunlarda 47 qol vurub, 116 məhsuldar ötürmə verib. Cari mövsümdə ispan futbolçu 39 oyuna 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Koke “Atletiko” ilə 8 qənimət qazanıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2011/2012, 2017/2018).
Yarımmüdafiəçi 2013-cü ilin avqustunda debüt etdyi İspaniya yığma komandasının heyətində 70 oyun keçirib. O, bu görüşlərdə 8 məhsuldar ötürmə verib. İspan yarımmüdafiəçi “qırmızı qəzəb”in U-21 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 32 yaşlı Kokeni 12 milyon avro məbləğində qiymətləndirir. Kokenin klubla yeni müqavilə bağlaması futbolçunun bu gedişlə karyerasını elə Madrid təmsilçisində bitirməsi ehtimalını artırıb.
