Kolin Daqba PSJ-ni Belçika klubuna dəyişdi

Fransa çempionu PSJ-nin sağ cinah müdafiəçisi Kolin Daqba Liqa 1 təmsilçisindən ayrılaraq Belçikanın “Birşot” klubuna keçib.

Arena.az bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Tərəflər 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıblar.

Kolin Daqba Fransanın “Lans” klubunun yetirməsidir. “Bulon” və PSJ klublarının da futbol akademiyasından keçmiş müdafiəçi Paris təmsilçisinin əsas komandasında 77 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə “Strasburq”da icarədə olmuş Daqba, ötən mövsümü də “Oser”də icarədə keçirib. PSJ-nin planlarına daxil olmadığı üçün Paris klubundan birdəfəlik ayrılan fransalı futbolçu karyerasını Belçikada davam etdirməyə üstünlük verib.

Əslən Benindən olan müdafiəçi Fransanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: