Futbol üzrə Fransa millisinin üzvü Kolo Muani DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı oyunları buraxacaq.
Arena.az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, buna səbəb hücumçunun zədəsinin ciddi olmasıdır. İngiltərənin “Tottenhem” klubunda çıxış edən forvard “Mançester Yunayted”lə heç-heçə etdikləri Premyer Liqanın 11-ci turunun oyununda çənəsindən xəsarət alıb. Müayinə zamanı onun çənəsində sınıq aşkarlanıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Xatırladaq ki, daha öncə Fransa yığmasının digər üzvü, Madrid “Real”ında çıxış edən Orelyen Tçuameni də təxminən bir aylıq sıradan çıxmışdı. O da bu səbəbdən Azərbaycan və Ukrayna yığmalarına qarşı oynaya bilməyəcək. Orelyenin adı ümumiyyətlə yığmanın qarşıdakı oyunlar üçün açıqlanmış heyətinə daxil edilməmişdi. Kolo Muani isə sözügedən heyətdə var idi. “Tottenhem”in futbolçusunu kimin əvəzləyəcəyi hələ açıqlanmır.
Qeyd edək ki, Fransa millisi noyabrın 13-də Ukrayna, üç gün sonra Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.


