Konate də Fransa millisini tərk etdi

İngiltərənin “Liverpul” klubunun mərkəz müdafiəçisi İbrahima Konate Fransa yığma komandasının heyətindən kənarlaşdırılıb.

Arena.az bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Konate zədələndiyi üçün yığmadan ayrılmalı olub. O, ötən gecə Azərbaycan yığmasına qarşı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirdikləri oyunda (3:0) sonadək ehtiyatda qalmışdı.

Konatenin əvəzində milliyə Marsel “Olimpik”inin futbolçusu Benjamin Pavar çağırılıb.

Xatırladaq ki, Fransa millisində daha əvvəl kapitan Kilian Mbappe Azərbaycan millisi ilə oyunda zədə aldığı üçün heyətdən çıxarılmışdı.

Fransa millisi oktyabrın 13-də səfərdə İslandiya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçib.

Fransalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 10 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Konatenin İngiltərə klubunun heyətindəki ümumi göstəriciləri belədir: 142 oyun, 5 qol və 4 məhsuldar ötürmə.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 25 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın