Konfrans Liqası: “Roma” Norveç klubuna yenə məğlub oldu

Futbol üzrə Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

Raundun açılış matçında Praqa “Slaviya”sı Niderlandda “Feyenoord”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə “Lester Siti”nin qonağı olub. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i Yunanıstan PAOK-unu qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma Fransa təmsilçisinin qələbəsiylə yekunlaşıb.

İtaliya “Roma”sı isə Norveçdə “Bodo Qlimt”lə münasibətlərinə aydınlıq gətirib. Hesabı italyanların açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Maraqlıdır ki, Joze Mourinyonun komandası bu rəqibə qrup mərhələsindəki səfər matçında da məğlub olmuşdu (1:6).

Konfrans Liqasında 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-də baş tutacaq.

Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
7 aprel

“Feyenoord” (Niderland) – “Slaviya” (Praqa, Çexiya) 3:3
Qol: Sinisterra, 10. Senesi, 74. O.Kökçü, 86 – Olayinka, 41. Sor, 67. Traore, 90+5.

“Olimpik” (Marsel, Fransa) – PAOK (Yunanıstan) 2:1
Qol: Jerson, 13. Payet, 45 – El Kadduri, 48.

“Lester Siti” (İngiltərə) – PSV (Niderland) 0:0

“Bodo Qlimt” (Norveç) – “Roma” (İtaliya) 2:1
Qol: Saltnes, 56. Vetlesen, 89 – Pelleqrini, 43.