Konrad Laymer “Bayern”dəki çıxışını şərh etdi

“Bayern”in avstriyalı yarımmüdafiəçisi Konrad Laymer Münhen klubunda oynamasından doğan duyğularını ifadə edib:

Arena.az avstriyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən Leypsiq”də əla vaxt keçirmişəm, amma “Bayern” ayrı bir böyük məqamdır: Avropanın ən böyük hədəfləri olan ən böyük klublarından biridir. Bunu hər gün görürsən. Yekunda, hər şeyi qazanmasanız, bu, kifayət qədər yaxşı çıxış etmədiyiniz deməkdir. Həmişə və hər yerdə qalib gəlmək gərəkdir. Bu, səni bir idmançı kimi irəli aparır”, deyə Laymer vurğulayıb.

Laymer “Bayern”ə 2023-cü ilin iyul ayında “Leypsiq”dən gəlib. 26 yaşlı futbolçu ilə 4 illik, 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, Münhen klubuna azad agent kimi keçib.

Avstriyalı futbolçu “Bayern”də indiyə qədər 32 oyuna çıxıb. Mərkəz yarımmüdafiəçisi bu görüşlərdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Konrad Laymer peşəkar karyerasına ölkəsinin “Liferinq” klubunda başlayıb. O, daha sonra “Zalsburq”un formasını geyinib. 2017-ci ildən 2023-cü ilə qədər “Leypsiq”də çıxış etmiş futbolçu Bundesliqa təmsilçisində 190 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 15 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Laymer, 2019-cu ilin iyun ayından əsas millidə forma geyinir. O, Avstriya yığmasında 32 oyuna çıxıb, 4 qol vurub, 8 assist edib.

“Bayern” Almaniya Bundesliqasının cari mövsümündə 26 oyuna topladığı 60 xalla 2-ci pillədə qərarlaşıb. Münhen nəhəngi lider “Bayer”dən 10 xal geri qalır.