Konrad Laymer “Leypsiq”i “Bayern”ə dəyişdi

Futbol üzrə Avstriya millisinin və “Leypsiq”in yarımmüdafiəçisi Konrad Laymer Almaniyanın digər klubu “Bayern”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə 4 illik, 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, Münhen klubuna azad agent kimi keçib. Çünki futbolçunun “Leypsiq”lə müqaviləsi geridə qalan mövsümün sonuna kimi idi. Bu üzdən də “Bayern” “Leypsiq”ə heç bir təzminat ödəmək məcburiyyətində qalmayıb.

Xatırladaq ki, Konrad Laymer 2017-ci ildən “Leypsiq”də çıxış edirdi. Bundesliqa təmsilçisi həmin vaxt onu 7 milyon avroya “Liferinq”dən transfer etmişdi. Laymer “Leypsiq”də 190 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 15 qol və 19 məhsuldar ötürmə müəllifi də olub.

Avstriyalı futbolçu daha öncə “Zalsburq və “Liferinq”də oynayıb. O, Avstriya yığmasında da 26 oyuna çıxıb, 2 qol vurub.