Konte ilə “Yuventus” rəhbərliyi arasında qalmaqal

Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Yuventus” “İnter” arasında baş tutan cavab qarşılaşması qalmaqalla yadda qalıb.

Arena.az xəbər verir ki, komandalar fasiləyə gedərkən “İnter”in baş məşqçisi Antonio Konte rəqib komandanın prezidenti Andrea Anyelliyə təhqiredici hərəkət edib.

Buna cavab olaraq, oyunun başa çatmasından sonra “qoca sinyora”nın prezidenti Konteni təhqir edib. Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Yuventus” qolsuz bitən cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazanıb.

Konte oyundan sonra sözügedən məsələ ilə bağlı açıqlama verib. O, oyun və “Yuventus” rəhbərliyi ilə yaşadığı qalmaqal barədə danışıb:

“Əlimizə düşən fürsətləri dəyərləndirməli idik. Çətin oyun oldu, əla futbolçuları olan komandaya qarşı oynadıq. İki oyunun sonunda sona qədər mübarizə aparan iki komanda gördük. Etdiyimiz səhvlərdən dərs almalı və çalışmalıyıq.

“Yuventus” doğrunu deməlidir. Dördüncü hakim oyun ərzində olanları gördü. “Yuventus” rəhbərliyi daha nəzakətli olmalıdır. Futbolda çalışanlara hörmət etmək lazımdır”.