“Konyaspor” 9 futbolçu ilə vidalaşdı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) mübarizə aparan “Konyaspor” klubunda 9 futbolçu ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Konya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Super Liqa klubunda yerli futbolçulardan müdafiəçilər Kahraman Demirtaş, Cebrail Karayel və Ahmet Oğuz, həmçinin yarımmüdafiəçi Soner Dikmen ilə hücumçu Muhammet Demir komandanı tərk ediblər. Onların hər biri ilə müqavilənin müddəti bitib və azad agentə çevriliblər.

Legionerlərdən müdafiəçi Tineyc Hadebe, hücumameyilli yarımmüdafiəçi Anderson Nyanqbo və sol vinger Valon Etemi də komandanı azad agent kimi tərk ediblər. “Qalatasaray”dan icarəyə götürülmüş hücumameyilli yarımmüdafiəçi Aleksandru Çikaldaunun da icarə müddəti başa çatıb. O da müqavilə ilə məxsus olduğu “Qalatasaray”a qayıdıb. Hansı ki, rumın futbolçunun İstanbul nəhəngi ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Konya klubu yollarını ayırdığı 9 futbolçunun hər birinə xidmətlərinə görə təşəkkür edib. Onlara gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, “Konyaspor” Türkiyə Super Liqasında geridə qalmış 2023/2024 mövsümünü 41 xalla 16-cı sırada başa vurub.