Korentin Tolisso rəsmən Lion “Olimpik”ində!

Bu yay Almaniyanın “Bayern” klubundan ayrılan fransalı futbolçu Korentin Tolisso özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Fransanın “Olimpik” (Lion) klubu ilə razılığa gəlib.

O, köhnə-yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Korentin Tolisso məhz Lion “Olimpik”inin yetirməsidir. O, 2017-ci ilin yayında məhz bu klubdan “Bayern”ə keçmişdi. Yarımmüdafiəçi Münhen təmsilçisinin heyətində 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub. Fransız oyunçu “Bayern”də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, ölkəsinin yığma komandasında 28 oyuna 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: