Futbol üzrə Yunanıstan yığmasının mərkəz müdafiəçisi Kostas Manolas bundan yenidən İtaliya A Seriyasında çıxış edəcək.
Arena.az xəbər verir ki, vaxtilə bu ölkədə “Roma” və “Napoli”nin uğurları üçün çalışmış 32 yaşlı futbolçu bu dəfə “Salernitana”ya keçib.
Bu ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubundan ayrılandan azad agentə çevrilmiş yunan futbolçu “Salernitana” ilə 2023/2024 mövsümünün sonuna kimi anlaşıb.
Kostas Manolas Yunanıstanın “Trasivulos” klubunun yetirməsidir. O, daha sonra AEK (Afina), “Olimpiakos”, “Roma”, “Napoli” kimi klubların formasını geyinib. Müdafiəçi Yunanıstan millisində də 42 oyun keçirib, 1 qola imza atıb.
“Salernitana” Türkiyənin “Kasımpaşa” klubunun hücumameyilli yarımmüdafiəçisi Ayron Qomisi də satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. Əslən Seneqaldan olan 24 yaşlı fransalı futbolçu bu mövsümün əvvəlindən İstanbul klubunda çıxış edirdi. O, Super Liqa təmsilçisinin heyətində 24 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə “Amyen” və “Dunkerk” kimi klubların da formasını geyinib.
Qomisi icarəyə verən “Kasımpaşa” da heyətinə 2 yeni futbolçu cəlb edib. Türkiyə klubu Lissabon “Sportinq”inin sol cinah vingeri Roşinya (Dioqo Filipe Kosta Roşa) və Fransanın “Trua” komandasının mərkəz müdafiəçisi Cekson Poroso ilə güclənib. Poroso bu mövsümün sonuna kimi icarəyə götürülüb. Roşinya isə Türkiyə klubuna azad agent kimi qoşulub. Amma o da bu mövsümün sonuna kimi “Kasımpaşa”da çıxış edəcək.
“Benfika”nın yetirməsi olan Roşinya, “Bolton Uonderers”, “Standard” (Lyej), “Boavişta”, “Vitoriya” (Gimaraynş), “Əl-Marxiya” kimi klubların da formasını geyinib. Portuqaliyanın U-17 və U-19 yığmalarında oynamış 28 yaşlı futbolçu “Sportinq”də 20 oyuna 1 qol vurub, 2 assist edib.
Cekson Poroso isə 2022-ci ildən “Trua”dadır. Ekvadordan olan 23 yaşlı müdafiəçi Fransa klubunun heyətində 23 oyuna 2 qol vurub, 1 məhsuldar verib. Bu mövsümün ilk dövrəsini “Olimpiakos”da icarədə keçirmiş Poroso daha öncə “Manta” və “Boavişta”da forma geyinib. Ekvadorun aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, əsas millidə 7 oyuna çıxıb.