Koul Palmer – “Çelsi”də bir təqvim ilində ən çox qol vuran futbolçu!

İngiltərə Premyer Liqasının 18-ci turunun “Fulhem”lə ev oyunu “Çelsi”nin futbolçusu Koul Palmer üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, gənc futbolçu “zadəganlar”ın keçmiş oyunçusu Cimmi Floyd Hasselbaynka məxsus klub rekordunu yeniləyib.

Belə ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi “Fulhem”lə matçda fərqlənməklə Premyer Liqada bir təqvim ili ərzində 26-cı qolunu vurub. Bununla da o, Hasselbaynkın 23 il əvvəlki (2001) 25 qolluq rekordunu təzələyib.

Xatırladaq ki, Palmerin bu qoluna rəğmən, “Çelsi” “Fulhem”lə ev oyununda 1:2 hesablı məğlubiyytə üzülüb.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 65 oyun keçirib, 37 qol vurub, 21 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.