Koul Palmer Dennis Berqkampla müqayisəsindən danışdı

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Arsenal”ın keçmiş hücumçusu Dennis Berqkampla müqayisə edilməsinə münasibət bildirib.

Arena.az Palmerin bu barədə fikrini təqdim edir:

“Bilirəm ki, Berqkamp Premyer Liqanın əfsanəsidir, amma onu həqiqətən izləməmişəm. Onda çox gənc idim. Parçalara baxmışam, o, yüksək səviyyəli futbolçu olub”, deyə Palmer bildirib.

Yeri gəlmişkən, “Çelsi”nin müdafiəçisi Levi Kolvill də İngiltərə Premyer Liqasının 6-cı turunun “Brayton”a qarşı oyununda (4:2) “zadəganlar”ın dörd qol vurmuş yarımmüdafiəçisi Koul Palmerdən danışıb. Kolvilin bu barədə fikrini təqdim edirik:

“Palmer möhtəşəm oyunçudur. Bilirsiniz ki, ən yaxşı oyunçular sizi çətin vəziyyətlərdən çıxarırlar. Dörd vacib qol vuraraq, o, məhz bunu etdi. Qollar bizə çox kömək etdilər və üç xalı gətirdilər”, deyə Kolvill vurğulayıb.

Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”də bütövlükdə 53 oyun keçirib, 31 qol vurub, 19 assist edib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 9 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: