Koul Palmer Konfrans Liqasının iştirak ərizəsinə niyə salınmayıb?

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Koul Palmer Avropa Konfrans Liqasının Liqa mərhələsinin iştirak ərizəsinə daxil edilməyib.

Arena.az xəbər verir ki, “zadəganlar”ın bu qərarı birmənalı qarşılanmayıb.

Amma məlum olub ki, “Çelsi” Palmerə böyük iş yükündən qaynaqlanan təzyiq olması səbəbindən futbolçunu müvafiq avrokubok yarışının iştirak ərizəsinə daxil etməməyə qərar verib.

Həmçinin “zadəganlar”ın fransalı mərkəz müdafiəçisi Uesli Fofana və belçikalı dayaq yarımmüdafiəçisi Romeo Laviya da heyətdən kənarda qalıblar.

İddiaya görə, “Çelsi”nin mövsümü 2025-ci ilin iyuluna qədər davam edə biləcəyi, o cümlədən “zadəganlar”ın FIFA Klub Dünya Kubokunda iştirak ilə bağlı olduğu üçün bu qərar iş yükünün çox olması səbəbindən verilib.

Vurğulayaq ki, Palmer əzələ zədəsi səbəbindən İngiltərə yığmasının sentyabrdakı təlim-məşq toplanışından da kənarda qalıb.

İtalyan mütəxəssis Entso Mareskanın “Çelsi”si Konfrans Liqasının qrup mərhələsində çıxışına oktyabrın 3-də “Gent”lə ev oyunu ilə başlayacaq. “Zadəganlar” həmçinin “Haydenhaym”, “Astana”, “Şemrok Rovers”, “Panatinaikos” və “Noa” komandalarına qarşı oynayacaqlar.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”də bütövlükdə 50 oyun keçirib, 26 qol vurub, 19 assist edib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 9 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.