Koul Palmer – Premyer Liqada mövsümün ən yaxşı gənc oyunçusu!

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Arena.az bu barədə Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqada mövsümün ən yaxşı gənc oyunçusu mükafatına Filip Foden, Erlinq Haland (hər ikisi “Mançester Siti”), Aleksander İsak (“Nyukasl”), Kobbi Maynu (“Mançester Yunayted”), Bukayo Saka, Vilyam Saliba (hər ikisi “Arsenal”) və Destini Udoci (“Tottenhem”) də namizəd idilər. Amma Palmer cari mövsümdə sərgilədiyi möhtəşəm performans sayəsində bu oyunçuları qabaqlamağı və 2023/2024 mövsümünün ən yaxşısı seçilməyi bacarıb.

Xatırladaq ki, 22 yaşlı oyunçu Premyer Liqanın 2023/2024 mövsümündə meydana çıxdığı 33 matçda 22 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.

Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 27 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Premyer Liqada bundan əvvəlki mövsümlərin ən yaxşısı seçilmiş oyunçuların siyahısını təqdim edirik:

2019/2020: Trent Aleksander-Arnold (“Liverpul”)

2020/2021: Fil Foden (“Mançester Siti”)

2021/2022: Fil Foden (“Mançester Siti”)

2022/2023: Erlinq Haland (“Mançester Siti”)