Koul Palmer zədə aldı, millinin heyətindən çıxarıldı

Futbol üzrə İngiltərə milli komandasının hücumameyilli yarımmüdafiəçisi Koul Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun formasını geyindiyi “Çelsi” klubunun mətbuat xidməti məlumat yayıb.

Məşq sırasında əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb. O, İngiltərə millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Albaniya və Latviya ilə görüşlərində iştirak edə bilməyəcək.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 14 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 78 oyun keçirib, 39 qol vurub, 21 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.