“Kremoneze” Alvinini qovdu, yeni baş məşqçisini açıqladı

İtaliyanın “Kremoneze” komandasının baş məşqçi postunda dəyişiklik edilib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Massimiliano Alvinini istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. Belə ki, 2022/23 mövsümündən etibarən A Seriyasında iştirak hüququ qazanan komanda geridə qalan 18 tur ərzində qələbə qazana bilməyib. Cəmi 7 heç-heçəsi olan bu komanda 7 xalla sonuncu pillədə qərarlaşıb. Ötən həftəyə təsadüf edən “Montsa” ilə oyunda qeydə alınan 11-ci məğlubiyyətin ardından klub rəhbərliyi Alvinini istefaya göndərmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Massimiliano Alvini elə bu mövsümün əvvəlində baş məşqçi təyin olunmuşdu. Həmin vaxt onunla 2 illik müqavilə imzalandığı açıqlanmışdı.

Artıq “Kremoneze”nin yeni baş məşqçisi də məlumdur. Bundan sonra sözügedən komandanı Davide Ballardini çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son klubu “Cenoa” olan 59 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Davide Ballardini “Cenoa”ya 2020/21 mövsümündə rəhbərlik edib. O, “Palermo”, “Bolonya”, “Kalyari”, “Latsio”, “Peskara” kimi komandalarda da baş məşqçi olub.