Kreyq Şekspir 60 yaşında vəfat etdi

“Lester Siti”nin keçmiş baş məşqçisi, ingilis mütəxəssis Kreyq Şekspir avqustun 1-də 60 yaşında ikən xərçəngdən vəfat edib.

Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir:

“Kreyq bu səhər ailəsinin əhatəsində dinc surətdə vəfat etdi” – Romano mərhum Şekspirin qohumlarının sözlərini sitat gətirir.

Kreyq Şekspir məşqçilik fəaliyyətinə “Vest Bromviç”də, məşqçi səlahiyyətlərinin icraçısı olaraq başlayıb. Şekspir 2017-ci ilin fevralından həmin ilin martına qədər “Lester Siti”ni müvəqqəti olaraq çalışdırıb. Həmin ilin martında isə Şekspir “tülkülər”in baş məşqçisi təyin edilib və 2017-ci ilin oktyabrına qədər vəzifəsini icra edib.

Şekspir məşqçilik karyerası ərzində həmçinin “Everton” və “Uotford”u çalışdırıb. İngilis mütəxəssis daha çox köməkçi məşqşi olaraq fəaliyyət göstərib. Bu vəzifədə Şekspir müxtəlif illərdə “Lester Siti” ilə yanaşı, “Hall Siti”, “Aston Villa” və “Norviç Siti”də çalışıb, həmçinin İngiltərə yığmasında işləyib.