Futbol üzrə Yeni Zelandiya milli komandasının hücumçusu Kris Vud İngiltərənin “Nottingem Forest” klubunda qalacaq. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu ilin yanvarında “Nyukasl”dan icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını da alıb.
31 yaşlı forvardla yeni müqavilənin müddəti açıqlanmır. “Nottingem Forest” onun transferi üçün “Nyukasl”a 17 milyon avro ödəyib.
Xatırladaq ki, təcrübəli hücumçu yanvar ayında bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülmüşdü. “Nottingem Forest” yarım mövsümlük icarə üçün də “Nyukasl”a 4.5 milyon avro ödəmişdi. Bu müddət ərzində o, yeni komandasında cəmi 7 oyuna çıxıb və 1 qol vurub.
Xatırladaq ki, Kris Vud “Nyukasl”a 2022-ci ilin yanvar ayında 30 milyon avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 39 oyuna cəmi 5 qol vurub. Hücumçu daha öncə “Bernli”, “Lids”, “İpsviç Taun”, “Lester Siti”, “Miluol”, “Bristol Siti”, “Birmingem Siti”, “Brayton”, “Barnsli”, “Vest Bromviç”, “Vaykato” kimi klublarda da oynayıb. O, Yeni Zelandiya milli komandasında meydana çıxdığı 70 oyunda 33 qola imza atıb.
Sonda onu da qeyd edək ki, “Nottingem Forest”in bu mövsüm Premyer Liqadakı yerini qoruyub-qoruya bilməyəcəyi hələ məlum deyil. Bu komanda hazırda 34 xalla 16-cı pillədə qərarlaşıb. Son iki turda müsbət nəticələr qeydə alınmasa, “qırmızılar” növbəti mövsümü Çempionşipdə də keçirə bilər. Halbuki, “Nottingem Forest” həm mövsümün əvvəlində, həm də qış fasiləsi zamanı transferlərə kifayət qədər böyük məbləğlər xərcləmişdilər.