Krislen Matsima “Monako”nu “Auqsburq”a dəyişdi


“Monako”nun mərkəz müdafiəçisi Krislen Matsima icarə müqaviləsi əsasında Almaniyanın “Auqsburq” klubuna keçib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Auqsburq” əslən Konqodan olan 22 yaşlı fransalı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

“Monako”nun öz yetirməsi olan Krislen Matsima bu klubun əsas komandasında 41 oyuna çıxıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə müəllifi olub. Matsima daha öncə “Klermon” və “Loryan”da da icarə əsasında çıxış edib. Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında, hətta bu il Olimpiya yığmasında çıxış etmiş müdafiəçiyə əsas millidə debüt şansı verilməyib.

“Auqsburq” iki futbolçusu ilə də vidalaşmalı olub. Almaniya klubu dayaq yarımmüdafiəçisi Niklas Dorşu “Haydenhaym”a satıb. Klub bu satışdan 3,5 milyon avro qazanıb. 26 yaşlı almaniyalı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Niklas Dorş “Auqsburq”a 2021-ci ilin iyul ayında Belçikanın “Gent” klubundan 7 milyon avro müqabilində keçmişdi. Yarımmüdafiəçi bu komandanın heyətndə 66 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

Daha öncə “Bayern” və “Gent”də oynamış Dorş, 2018-2020-ci illər aralığında da “Haydenhaym”ın uğurları üçün çalışıb. Alman futbolçu həmin vaxt bu komandada 69 oyuna 3 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Niklas Almaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt etməyib.

“Auqsburq” mərkəz yarımmüdafiəçisi Arne Engelsi də 11 milyon avroya Şotlandiya nəhəngi “Seltik”ə satıb. 20 yaşlı belçikalı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Arne Engels “Gent” və “Brügge” klublarının yetirməsidir. “Auqsburq” onu 2023-cü ilin yanvarında 100 min avroya transfer etmişdi. O, Almaniya klubunun heyətində 53 oyuna 3 qol vurub, 9 assistlə yadda qalıb. Engels Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında da forma geyinib.