“Kristal Pelas” Martin Kelli ilə vidalaşdı

İngiltərənin “Kristal Pelas” klubu müdafiəçisi Martin Kelli ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisindən ayrılan təcrübəli müdafiəçi Çempionşipdə mübarizə aparan “Vest Bromviç”ə keçib. İngilis futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Martin Kelli 2014-cü ildən “Kristal Pelas”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 148 oyuna çıxıb və 1 qol vurub. “Liverpul”un yetirməsi olan müdafiəçi, “qırmızılar”la yanaşı, icarə əsasında “Haddersfild”in də formasını geyinib. O, İngiltərə yığmasında 1 oyun keçirib.

“Kristal Pelas” gənc hücumçusu Luke Planqeni də Belçikanın “Molenbek” klubuna icarəyə verib. 19 yaşlı forvardın bu mövsümün sonunadək icarədə olacağı diqqətə çatdırılıb. Peşəkar karyerasına “Derbi Kaunti”də başlamış Planqe, bu ilin yanvarında “Kristal Pelas”a transfer edilib. O, İngiltərənin U-20 yığmasının da formasını geyinir.