Kristante Mourinyoya “torba tikmələrini” təkzib etdi

İtaliya paytaxtının təmsilçisi “Roma”nın dayaq yarımmüdafiəçisi Brayan Kristante maraqlı açıqlaması ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, Kristante, “canavarlar”ın futbolçularının “Roma”nın sabiq baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyodan razı qalmaması və onun qovulmasına təsir etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib:

“Mən birdəfəlik aydınlaşdırmaq istəyirəm ki, Mourinyoya qarşı heç vaxt sui-qəsd olmayıb. Heç vaxt! Hamısı yalandır. Futbolun işləmə tərzi odur ki, işlər pis gedəndə ilk olaraq məşqçi təzyiqə məruz qalır, halbuki günahkar o deyil. Beləliklə, bu, daha çox cəfəngiyatdır. İnanın ki, biz nələrin baş verdiyini Mourinyonun qovulduğu səhər saatlarında öyrəndik”, – “Corriere dello Sport” Brayan Kristantedən sitat gətirir.

Xatırladaq ki, cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra Avropanın bir çox aparacı klubları da daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.