Kristian Avram Azərbaycan çempionatları tarixinə düşdü

“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avram Azərbaycan çempionatları (Premyer Liqa) tarixinə düşüb.

Arena.az xəbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün zəruri olan 660 “quru” dəqiqə səddini geridə qoyub.

Onun Azərbaycan Premyer Liqasındakı “quru” seriyası 17-ci turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb.

Oktyabrın 26-da, 11-ci turun “Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Georgi Papunaşvilinin vurduğu qoldan sonra Avram ardıcıl 6 görüşü “quru” keçirib. O, “Neftçi”, “Zirə”, “Sumqayıt” (hər üçü 1:0), “Kəpəz” (2:0), “Turan Tovuz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.

17-ci turun “Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla Kristian Avramın seriyasını qırıb.

Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci “quru” seriyadır. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdir.

Kristian Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisində 53 oyuna 57 qol buraxıb, 17 “quru” matç keçirib.

Avram daha öncə “Kişinyov Akademiyası”, “Petrokub”, “Dinamo-Avto”, “Daçiya” və “Buzau” kimi klublarda da forma geyinib.

Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 11 oyuna çıxıb. O, bu oyunlarda 18 qol buraxıb, 3 “quru” matç keçirib. Kristian ölkəsinin U-17 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri istədiklərinizlə paylaşın