Kristian Bassoqoq Türkiyə klubunda

Kamerun yığmasının və Çinin “Şanxay Şenhua” klubunun sağ cinah vingeri Kristian Bassoqoq bundan sonra “Ankaragücü”nün formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Çin klubundan azad agent kimi ayrılan 28 yaşlı futbolçu yeni klubu ilə ilyarımlıq (2025-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Kristian Bassoqoq karyerasına Kamerunun “Renybou” klubunda başlayıb. Daha sonra “Vilminqton”, “Olborq”, “Henan Jianye” kimi klublarda oynamış vinger 2021-ci ildən “Şanxay Şenhua”da forma geyinirdi. O, bu komandada 56 oyuna 11 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

2016-cı ildən Kamerun yığmasında oynayan Bassoqoq millidə 44 oyuna 7 qola imza atıb.

“Ankaragücü” Belçikanın “Anderlext” klubunun fransalı sol cinah vingeri Aleksi Flipi də heyətinə qatıb. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti olmadan icarəyə götürülüb.

Aleksi Flip Fransanın “Lill” klubunun yetirməsidir. O, “Ayaçço”, “Reyms” kimi klublarda da forma geyinib. 2023-cü ilin yayında “Anderlext”ə keçmiş Flip, bu komandanın heyətində cəmi 13 oyuna çıxıb. O, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

“Ankaragücü” Super Liqanın digər təmsilçisi “Adana Dəmirspor”un qapıçısı Ertaç Özbiri də heyətinə qatıb. 34 yaşlı qolkiperlə 1,5 + 1 il müddətinə müqavilə imzalanıb. 2022-ci ildən Adana klubunda çıxış edən Ertaç bu komandada 46 oyuna çıxıb, 57 qol buraxıb, 15 “quru” matç keçirib. O, “Yeni Malatyaspor”, “Gənclərbirliyi”, “Kasımpaşa” kimi klublarda da forma geyinib.

“Adana Dəmirspor”un sol cinah müdafiəçisi Abdurrahim Dursun da azad agent kimi Ankara klubuna keçib. 25 yaşlı futbolçu “Ankaragücü” ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Trabzonspor”un yetirməsi olan futbolçu Adana klubunda cəmi 23 oyuna çıxıb, 2 assistlə yadda qalıb.

Ertaç Özbirlə vidalaşan “Adana Dəmirspor” da heyətinə yeni futbolçu cəlb edib. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi Adana klubu Lion “Olimpik”indən gənc hücumçu Breyton Fujunu heyətinə qatıb. 20 yaşlı futbolçu azad agent kimi qoşulduğu Türkiyə klubu ilə 2,5 + 1 il şərti ilə müqavilə bağlayıb.