Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah” yarımmüdafiəçi Kristian da Silva Fil ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir. Onun əvvəlki sözləşməsi bu ilin 30 iyununa qədər idi.
Xatırladaq ki, Kristian da Silva Fil 2022-ci ilin fevral ayından “Sabah”ın üzvüdür. O, bu komandanın heyətində 34 oyun keçirib, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
34 yaşlı futbolçu daha öncə Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR (Kluj), Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun “Sabah”dan öncəki son klubu Portuqaliya “Koimbra”sı olub.
“Sabah” bu yay Rəhman Daşdəmirov, Sofian Çakla və Jarl Marqaritanı transfer edib. Şakir Seyidov isə “Turan Tovuz”dan icarədən qayıdıb. Abdulaye Ba, Zurab Oçiqava və Bəxtiyar Həsənalızadə də paytaxt klubundan ayrılıb.