Futbol üzrə Danimarka milli komandasının yarımmüdafiəçisi Kristian Eriksen İngiltərədə klubunu dəyişib. Arena.az xəbər verir ki, “Brentford”dan ayrılan 30 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Mançester Yunayted”ə keçib.
Bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Eriksen “Brentford”dan azad agent kimi ayrılıb. Bu üzdən də “Mançester Yunayted” ona görə sabiq klubuna heç bir təzminat ödəməyib.
Qeyd edək ki, Kristian Eriksen bu ilin yanvar ayından “Brentford”da oynayırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində cəmi 11 oyuna çıxıb və 1 qol vurub. Danimarka millisinin üzvü əvvəllər “Ayaks”, “Tottenhem” və “İnter”də də forma geyinib. Danimarka yığmasında 115 oyuna çıxmış futbolçu, 38 qol vurub.
Eriksenlə yollarını ayıran “Brentford” da heyətinə iki yeni futbolçu cəlb edib. Premyer Liqa təmsilçisi ukraynalı yarımmüdafiəçi Yeqor Yarmolyuk və albaniyalı qapıçı Tomas Strakoşanı transfer edib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Yeqor Yarmolyuk Ukraynanın “Dnepr-1” klubundan transfer olunub. 18 yaşlı futbolçu yetirməsi olduğu bu komandanın heyətində 21 oyun keçirib və 1 qol vurub. Gənc futbolçu Ukraynanın U-21 yığmasının da formasını geyinir.
Tomas Strakoşa isə İtaliyanın “Latsio” klubu ilə müqaviləsinin müddəti bu yay başa çatdığı üçün azad agent kimi “Brentford”a keçib. Peşəkar karyerasına başladığı bu komandada 208 matça çıxan qolkiper, bir mövsüm “Salernitana”da icarədə də oynayıb. O, 2017-ci ildən cəlb olunduğu Albaniya yığmasında da 19 oyuna çıxıb.