Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen İngiltərənin “Mançester Yunayted” klubunda keçirdiyi dövrlə bağlı fikrini paylaşıb.
Arena.az danimarkalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Əgər mənə getmək təklif edilsəydi, gedərdim, amma heç kim bunu məndən tələb etməyib. Burada özümü çox yaxşı hiss edirəm. Mən ailəmin yanında olmağı və səmərə verə biləcəyim yerdə oynamağı sevən bir oğlanam. Bu, həmişə mənim məqsədim olacaq”, deyə Eriksen vurğulayıb.
Kristian Eriksen “Mançester Yunayted”ə 2022-ci ilin iyulunda “Brentford”dan azad agent qismində keçib. Danimarkalı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Eriksen “qırmızı şeytanlar”ın heyətində 3 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Eriksenin “Mançester Yunayted”də ümumi statistikası isə belədir: 75 oyun, 5 qol, 14 məhsuldar ötürmə. Yarımmüdafiəçi mankunianlılarla ötən mövsüm İngiltərə Liqa Kubokunu qazanıb.
Eriksen 2010-cu ilin martında debüt etdiyi Danimarka yığmasının heyətində 136 oyuna 42 qol vurub, 31 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı Kristian Erikseni 8 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Eriksen 3 dəfə (2013, 2014, 2015) Danimarkada ilin futbolçusu seçilib.


