Kristian Eriksen rəsmən “Brentford”da!

Danimarka yığmasının üzvü, bir müddət öncə “İnter”lə (İtaliya) müqaviləsinə xitam verilmiş Kristian Eriksen özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bundan sonra karyerasını İngiltərənin “Brentford” klubunda davam etdirəcək.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Kristian Eriksen 2020-ci ilin yanvarından “İnter”də çıxış edirdi. Lakin ötən ilin dekabrında İtaliya klubu futbolçunun ürəyinə görə qoyulmuş kardioverter-defibrillyator (İCD) cihazına görə onunla yollarını ayırmağa qərar vermişdi. Çünki İtaliyada bu cihazdan istifadə edən futbolçulara oynamağa icazə verilmir.

Eriksen AÇ-2020 çərçivəsində baş tutan Danimarka – Finlandiya matçında (0:1) huşunu itirmişdi. Daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulmuşdu. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Danimarka yığmasında 109 oyun keçirib, 36 qol vurmuş yarımmüdafiəçi, “İnter”dən öncə “Ayaks” və “Tottenhem” klublarında forma geyinib.