“Milan”ın və ABŞ yığmasının sağ vingeri Kristian Pulişiç 2023-cü ilin dekabr ayında İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Azarkeşlərin səsverməsi zamanı Pulişiç, Federiko Qatti (“Yuventus”), Albert Qudmundsson (“Cenoa”), Romelu Lukaku (“Roma”), Markus Türam (“İnter”) və Coşua Zirkzeni (“Bolonya”) qabaqlayıb.
Dekabr ayında Pulişiç A Seriyasında 5 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Amerikan futbolçuya mükafat yanvarın 14-də “Milan”ın “Roma”ya qarşı keçirəcəyi oyun ərəfəsində təqdim ediləcək.
Xatırladaq ki, A Seriyasının 2023/2024 mövsümündə əvvəlki ayların ən yaxşı oyunçuları bunlardır:
Sentyabr – Rafael Leao (“Milan”)
Oktyabr – Lautaro Martines (“İnter”)
Noyabr – Paulo Dibala (“Roma”
Kristian Pulişic futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan vinger daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. Ötən ilin iyulunda isə “Milan” 20 milyon avro müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pulişiç “rossoneri”nin heyətində 25 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.
Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.
Pulişiç 2016-cı ilin martında debüt etdiyi ABŞ yığmasının heyətində 64 oyun keçirib, 28 qol vurub, 17 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını qazanıb. Pulişiç həmçinin 3 dəfə (2017 2019, 2021) ABŞ-da ilin futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 25 yaşlı amerikan vingerin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.