Kristian Pulişiç ciddi zədə aldı

İtaliya A Seriyasının 15-ci turunun “Atalanta” ilə səfər oyunu “Milan”ın amerikalı sağ cinah hücumçusu Kristian Pulişiç üçün düşərli olmayıb.

Arena.az “Milan”ın mətbuat xidmətinə istinadən məlumat verir ki, komandasının 1:2 hesabıyla uduzduğu oyunun 38-ci dəqiqəsində zədələnərək əvəzlənmiş Pulişiçin qeyri-müəyyən müddətə sıradan çıxdığı məlum olub.

Qarşıda Pulişiçi əsaslı tibbi müayinə gözləyir, eyni zamanda zədənin ciddiliyi vurğulanır.

Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Pulişiç “rossoneri”nin heyətində 20 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə verib.

Kristianın “Milan” karyerası ümumilikdə 70 oyun, 23 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.

Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 76 oyun keçirib, 33 qol vurub, 20 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı amerikan sağ cinah hücumçusu Kristian Pulişiçin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın