“Sabah”ın ispaniyalı yarımmüdafiəçisi Kristian Sebalyos futbol üzrə Azərbaycan çempionatının tarixinə düşüb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub. Yubiley topu Premyer Liqanın 2022/23 mövsümünün 1-ci turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.
Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13 mininci qolun müəllifi olub. Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.
Xatırladaq ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.