Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx mövsümün sonunda Bundesliqa klubundan ayrılacaq.
Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Alman məşqçi cari mövsümün sonunda “Frayburq”u tərk edəcəyini deyib: “Bu barədə uzun müddət düşündüm və rəhbərliklə çoxlu söhbətlər etdim. Hesab edirəm ki, 29 ildən sonra yeni insanlara yer vermək üçün doğru zamandır. “Frayburq”da işlədiyim müddətdə yüzlərlə qeyri-adi təcrübə yaşadım. Bu klub mənim həyatımdır və burada aldığım böyük sevgi və dəstəyə görə minnətdaram”.
Kristian Ştrayxın Bundesliqa təmsilçisi ilə mövcud müqaviləsi məhz 2024-cü ilin 30 iyununa kimi idi. O, komandada yeni nəfəsə ehtiyac olduğunu əsas gətirərək klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib.
Xatırladaq ki, futbolçu karyerası dönəmində də “Frayburq”da oynamış Kristian Ştrayx məşqçiliyə məhz bu klubda başlayıb. O, 1995-2011-ci illər aralığında bu klubun U-19 komandasını çalışdırıb. 2007-ci ildən əsas komandada da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Ştrayx, 2011-ci ildə Bundesliqa təmsilçisinin baş məşqçisi təyin olunub. Həmin vaxtdan bəri o, bu komandanı 481 rəsmi matça çıxarıb. Hansı ki, “Frayburq” bu görüşlərdə 193 qələbə qazanıb, 121 heç-heçə edib və 167 məğlubiyyətə üzülüb.
Almaniyalı mütəxəssis azərbaycanlı futbolsevərlərə daha çox Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsində “Qarabağ”la qarşılaşmalardan tanışdır.
Qeyd edək ki, “Frayburq” Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində ötən gecə doğma meydanda lider “Bayer”ə 2:3 hesabı ilə məğlub olub. Komanda hazırda Almaniya çempionatında 33 xalla 9-cu pillədə qərarlaşıb.