“Sumqayıt” iki futbolçusu – Kristian Velinovski və Nikola Vuynoviçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Şimali makedoniyalı Velinovski azad agent kimi Bosniya və Herseqovinanın “GOSK Qabela” klubuna keçib. Monteneqrolu Vuynoviçin isə “Partizan”da çıxış etməsi gözlənilir.
Xatırladaq ki, Kristian Velinovski “Sumqayıt”a 2023-cü ilin sentyabr ayında transfer olunmuşdu. 24 yaşlı futbolçu sözügedən komandada cəmi 7 oyuna çıxıb. O, daha öncə Şimali Makedoniyada “Brera” və “Breqalniça” kimi komandalarda oynayıb, ölkəsinin U-21 yığmasında çıxış edib.
Nikola Vuynoviç isə peşəkar karyerasına Serbiyanın “Radniçki” klubunda başlayıb. O, sonralar “Rad”, “Vilyarreal” (C və B komandaları), “Podqoritsa”, “Vozdovaç”, “Sportinq Kanzas Siti” kimi klublarda da çıxış edib. 2022-ci ildən “Qoritsa”da forma geyinən Vuynoviç, Xorvatiya klubunun heyətində 50 oyuna çıxıb, 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, “Sumqayıt”a 2024-cü ilin iyulunda məhz “Qoritsa”dan gəlmişdi. 28 yaşlı hücumçu Azərbaycan klubunun heyətində meydana çıxdığı 16 oyunda 2 qolla yadda qalıb.
Monteneqronun U-17, U-19 və U-21 yığmalarında da oynamış Vuynoviç, 2020-ci ilin oktyabr ayında əsas millidə debüt edib. O, Monteneqro yığmasında 5 oyuna çıxıb və 1 qolla yadda qalıb.
“Sumqayıt” daha öncə Fernando Medeyros və Rəhim Sadıxovla da yollarını ayırmışdı. Sözügedən klub gedənlərin əvəzində Momo Yansane (“Torpedo”, Kutaisi, Gürcüstan) və Ronaldo Vaskeslə (“Quabira”, Boliviya) güclənib.